NAĞIL
DAVAM EDİR

İki̇nci̇ Baki Beynəlxalq İncəsənət Festi̇vali

Hər yeni festivalın tarixində elə bir məqam yetişir ki, həmin gənc festival sadəcə özünü bəyan edən bir hadisə olmaqdan daha çox mədəni təsisata çevrilir. Adətən, bu dönüş festival ikinci dəfə keçirilərkən baş verir – birinci dəfə niyyətin bəyanı, ikinci dəfə isə festivalın təşəkkül tapması, yəni sənətçilərin yenidən gələcəyini, tamaşaçı marağının ötəri olmadığını və şəhərin necə bir məkana çevrilmək istədiyini bəyan edən sübutdur.

İkinci Bakı Beynəlxalq İncəsənət Festivalı on iki gün ərzində 11 əsas layihəsi və teatrların hüdudları aşaraq kinoteatr, muzey, məhəllə və küçələri çıxan əlavə proqramı ilə bunu əyani şəkildə sübut edəcək.

Festival Əkrəm Xan və Kristal Payt, Vilyam Kentric və Romeo Kastelluççi, İngiltərə Milli Baleti və Monte-Karlo Baleti, Maksim Vengerov və Devid Qarrett, Lev Dodin və Dmitri Krımov, eləcə də Lukas Genyuşas və Dmitri Sitkovetski kimi dünya şöhrətli sənətkar və kollektivləri Xəzərin qərb sahilində, paytaxt Bakı şəhərində bir araya gətirir.

Dünyada bu qədər geniş tərkibli sənətçiləri cəmi iki həftə ərzində bir araya gətirə bilən çox az sayda festival var. Yaxın keçmişə kimi beynəlxalq səhnə sənəti aləmində geniş tanınmayan bir şəhərdə bunu reallaşdıra biləcək, özü də bu cür geniş miqyasda təşkil edəcək başqa bir festival isə demək olar ki, yoxdur.

Bakının tarixi Opera Teatrı
Bakının tarixi Opera Teatrı. Arxiv şəkli

Yolların kəsişməsində salınmış şəhər

Bakı heç vaxt hansısa bir istiqamətin son təyinat məntəqəsi deyil, həmişə müxtəlif yolların kəsişməsi olub. Bakı şəhəri Abşeron yarımadasında, Xəzər dənizi ilə Qafqaz sıra dağları arasındakı dəhlizin ən dar yerində - qədimdə karvan və orduların keçdiyi, eləcə də müxtəlif konsepsiyaların təşəkkül tapdığı, son dövrlərdə isə neft-qaz boru kəmərlərinin çəkildiyi coğrafi bölgədə yerləşir.

Qala divarları ilə əhatə olunmuş qədim İçərişəhər bir vaxt tacirlərin gecələdikləri, mallarını yerləşdirdikləri və yük heyvanlarını saxladıqları karvansaraları bu günədək qoruyub saxlayır.

Şirvanşahlar sarayı ilə Qız qalası bir-birindən cəmi bir neçə dəqiqəlik piyada məsafəsində yerləşir, Azərbaycanın adında isə od ilə bağlı qədim ənənələrin əks-sədası duyulur.

İçərişəhərin qala qapılarından çıxan yollar Multan, Buxara, Təbriz, Bağdad, Dəməşq və İstanbula, oradan isə Venesiyaya uzanırdı. Orta əsrlərdə Bakı bu geniş şəbəkə üzərində təsəvvüf (sufi) elminin mühüm mərkəzlərindən, Xəlvətilik təriqətinin əsas ocaqlarından biri idi. Təriqətin görkəmli alimi Seyid Yəhya Bakuvinin türbəsi saray kompleksində, Şirvanşahlar ailəsinin türbəsindən cəmi bir neçə addımlıqda yerləşir.

Bakı
Bakı. Gecə mənzərəsi

Bundan sonra şəhərin tarixi əyalət həyatına xas ləng axarla deyil, bir-birini sürətlə əvəz edən hadisələr fonunda davam edir. 1870-ci illərin neft bumu qala divarları ilə əhatə olunmuş Bakını Rusiya imperiyasının ən kosmopolit şəhərlərindən birinə çevirmişdi, 1900-cü ildə isə bütün dünyada neft hasilatının təxminən yarısı Bakı şəhərinin payına düşürdü. Bu təbii sərvət sayəsində dəniz sahili boyu Avropa memarlığının demək olar ki, bütün üslublarında dəbdəbəli malikanələr ucaldılırdı.

Bu sərvət hesabına yaradılan opera teatrının tikintisi ilə bağlı hekayə isə daha maraqlıdır, belə ki, Kür çayı sahilində balıq vətəgələri olan və kürü ticarətindən varlanan Mayılov qardaşları qastrola gəlmiş bir opera müğənnisinin (soprano) layiqli opera teatrı olmayan şəhərə çətin ki bir də qayıdacağını söyləməsindən sonra opera binasını bir ildən də az müddətdə inşa etdirirlər. Deyilənə görə, həmin müğənni Antonina Nejdanova olmuşdur. Beləliklə, 1911-ci ilin fevralında “Boris Qodunov” operası ilə teatrın açılışı olur və belə rəvayət edirlər ki, Mayılov qardaşlarından böyüyü müğənniyə pul əsginaslarından hörülmüş çələng bağışlayır. İndi həmin binada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yerləşir və bu payız Şahar Binyamininin “Boléro” əsərində çıxış edəcək rəqqaslar arasında teatrın öz truppa üzvləri də var.

Bakı şəhərini müxtəlif din və mədəniyyətlərə mənsub insanlar birlikdə formalaşdırıblar. Bu torpağın tarixi qatları neft laylarından daha dərindir, belə ki, antik dövrlərdən bu ərazilərdə mövcud olmuş Qafqaz Albaniyası dövləti IV əsrdə xristianlığı qəbul etmiş və dünyada bu dini mənimsəyən ilk dövlətlərdən biri olmuşdu. Bu xristian irsini yaşadan kilsələr ölkənin şimalında bu gün də var; Qafqaz albanlarının varislərindən sayılan udilər isə hələ də Nic qəsəbəsində yaşayırlar. Onlardan şimalda, Xəzər sahili boyu Xəzər xaqanlığının torpaqları uzanırdı. Orta əsr mənbələrinə görə, onun hakim sülaləsi üç monoteist dini bir-biri ilə müqayisə etmiş və sonda yəhudiliyi seçmişdi. Bu, Yəhuda Halevinin “Kuzari” əsərinə ilham verən və az qala inanılmaz görünən hadisədir. O vaxtdan bəri Xəzərlər tarixçilərin marağını cəlb edirlər: Lev Qumilyov illərlə Xəzəryanı düzənliklərdə onların yoxa çıxmış şəhərlərini axtarmış və bu araşdırmalar nəticəsində “Xəzəriyanın kəşfi” kitabını qələmə almışdır; əsərdə irəli sürülən nəticələr tarixçilər arasında bu gün də mübahisə doğurur.

Dağ yəhudilərinin bu dağlardakı tarixi 2000 ilə yaxın bir dövrü əhatə edir və onların özünəməxsus yaşayış məskəni bu gün də mövcuddur: Qubada Qudyalçayın qarşı sahilində yerləşən Qırmızı Qəsəbə (rus dilində “Krasnaya Sloboda”) XVIII əsrdə Quba xanının himayəsi altında salınıb. Sənətkar və tacirlərin burada məskunlaşmalarında maraqlı olan xan onlara qorxu və təqibdən uzaq yaşaya biləcəkləri bir yurd ayırmışdı. Bu gün Qırmızı Qəsəbə bütün dünyada İsraildən sonra ən çox yəhudilərin yaşadığı nadir qəsəbələrdən biri hesab olunur. Qəsəbədəki Karçoq (XIX əsr) sinaqoqunda isə dağ yəhudilərinin tarixi, həyatı və mədəniyyətinə həsr olunmuş ilk və yeganə muzey fəaliyyət göstərir. Bu gün də bir-birindən cəmi bir neçə məhəllə aralıda məscidlər ilə yanaşı sinaqoqlar, eləcə də pravoslav və katolik kilsələri fəaliyyət göstərir. Azərbaycan hökuməti bu birgəyaşayışı xoş təsadüfün öhdəsinə buraxmayaraq açıq dövlət siyasəti kimi təsbit edib.

Bakı Bakı Bakı
Bakı. Arxiv fotoları

Bakı hər zaman ilkə imza atmağa adət etmiş bir şəhərdir. Rəsmi təhsili olmayan bir bənna ikən Rusiya imperiyasının ən varlı adamlarından birinə çevrilmiş Hacı Zeynalabdin Tağıyev 1883-cü ildə Bakının ilk teatr binasını inşa edir. 1908-ci ildə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası məhz həmin teatrda səhnələşdirilir və müsəlman Şərqində bəstələnmiş ilk opera kimi tarixə düşür. Tağıyevin öz həyat hekayəsi isə ölümündən düz bir əsr sonra - 2024-cü ildə rejissor Zaur Qasımlının “Tağıyev: Neft” filmi ilə ekrana gəldi. Zaur Qasımlı, İsmayıl İman və Asif İsgəndərlinin ssenari müəllifi olduqları bu ekran əsəri dörd hissədən ibarət “Tağıyev” kino silsiləsinin başlanğıcını qoyur və bütövlükdə, ölkə kinoteatrlarında ən çox izlənilən Azərbaycan kino layihəsinə çevrilir. 1940-cı ildə isə Əfrasiyab Bədəlbəylinin “Qız qalası” əsəri ilə ilk milli Azərbaycan baleti səhnəyə gəldi. Bu iki mədəni hadisə arasında 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edildi; həmin il sentyabrın 17-də isə Cümhuriyyət hökuməti Bakıya köçdü. Müsəlman Şərqinin ilk demokratik parlament respublikası olan AXC dünyəvi dövlət idi; onun parlamentində rus, yəhudi və erməni deputatlar təmsil olunurdular. Böyük Britaniyada qadınlar kişilər ilə bərabər tam seçki hüququ qazanmazdan və ABŞ-da bu hüquq təsbit olunmazdan əvvəl, AXC yarandığı ilk ildə qadınlara seçki hüququ vermişdi. Cümhuriyyətin ömrü cəmi iyirmi üç ay çəksə də, müasir Azərbaycanın dövlətçilik salnaməsinin başlanğıcını qoyub.

Aleksandr Düma | Aleksandr Puşkin | Fyodor Şalyapin

Adı bu və ya digər şəkildə Bakı ilə bağlı olan görkəmli şəxsiyyətlərin siyahısı olduqca zəngindir. 1858-ci ildə Qafqaza səfər edən Aleksandr Düma bu şəhərə gəlib və Atəşgahın təbii alovlarını görmək üçün Suraxanıya baş çəkib. Fyodor Şalyapinin qüdrətli bas səsi də bu şəhərin səhnələrində ucalıb. Sergey Yesenin isə ömrünün son yayının bir hissəsini Abşeronda keçirib və heç vaxt gedə bilmədiyi Fars diyarını Xəzərin bu sahilində xəyal edərək “Fars motivləri” silsiləsinin bəzi şeirlərini Bakı və Mərdəkanda qələmə alıb. O vaxtadək bu diyar artıq bir əsr idi ki, rus yazıçılarının təsəvvüründə yaratdıqları Şərqin ilham mənbəyinə çevrilmişdi. Puşkinin “Qızıl xoruz haqqında nağıl” əsərində Şərqdən peyda olub bütöv bir səltənəti viran qoyan sehrkar Şamaxı çariçasının adı Bakıdan bir qədər aralıda yerləşən, Şirvanın qədim paytaxtı olan Şamaxı ilə bağlıdır. Nikolay Rimski-Korsakov isə sonradan bu nağıl əsasında “Qızıl xoruz” operasını bəstələmişdi. Vladimir Mayakovskini Bakıya neft buruqları və yeni dünyanın gurultusu çəkib gətirmişdi; bu payız o, Vilyam Kentricin filmində personaj kimi yenidən qarşımıza çıxacaq. XX əsrin gedişatına ən çox təsir göstərmiş kəşfiyyatçılardan biri Rixard Zorge 1895-ci ildə Bakı şəhərinin kənarındakı Sabunçu rayonunda doğulub. Onun atası Bakı neft sənayesində çalışan alman əsilli dağ-mədən mühəndisi idi. 1927-ci ildə Bakıda Mstislav Rostropoviç dünyaya gəlib və sonralar Moskva Konservatoriyasında Dmitri Şostakoviçdən bəstəkarlıq dərsləri alıb. Şostakoviç isə hər iki violonçel konsertini məhz onun üçün yazıb. Nəzəriyyəçi fizik Lev Landau da 1908-ci ildə Bakıda dünyaya göz açıb. Onun Yevgeni Lifşits ilə birlikdə yaratdığı “Nəzəri fizika kursu” sovet fiziklərinin bir neçə nəslinin əsas dərsliyi olmuşdur. Bakının yetişdirdiyi ən şöhrətli pianoçulardan biri - Bella Davidoviç üç nəslin musiqi ənənəsinə malik Ratnerlər ailəsində böyüyüb. Onun babası İsaak Ratner və anası Lüsya Ratner də Opera Teatrında çalışıblar. O, 9 yaşında Bakıda orkestrin müşayiəti ilə Bethovenin Birinci fortepiano konsertini ifa edib. 1949-cu ildə, yəni 21 yaşında ikən Varşavada keçirilən Şopen müsabiqəsində birinci mükafatı bölüşəndə “Bakinski raboçi” (“Bakı fəhləsi”) qəzeti onun qələbəsini bakılı bir qızın uğuru kimi təqdim etmişdi. Azərbaycan Dövlət Akademik Filarmoniyası bəstəkar Müslim Maqomayevin adını daşıyır, onun nəvəsi və adaşı Müslim Maqomayev isə Sovet İttifaqının ən məşhur səslərindən biri olub.

Mstislav Rostropoviç
Dmitri Şostakoviç
Mstislav Rostropoviç | Dmitri Şostakoviç. Rəssam: Tahir Salahov

Əsl adı Ümmülbanu (bəzi mənbələrdə Ümm-əl-Banu) Mirzə qızı Əsədullayeva olan Banin (fr. Banine) də Bakıda doğulub. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) sənaye və ticarət naziri Mirzə Əsədullayevin qızı və iki neft milyonçusunun - Şəmsi Əsədullayev ilə Musa Nağıyevin nəvəsi olan Baninin ailəsi bolşevik inqilabından sonra bütün sərvətini itirib. Parisdə model kimi çalışan Banin geridə qoyduğu uşaqlıq dünyasını “Qafqaz günləri” əsərində qələmə alıb. O, 1946-cı il iyunun 13-də İvan Bunin ilə tanış olur. Həmin vaxt Baninin 40, Buninin isə 75 yaşı vardı və o, həmin dövrdə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş yeganə rus yazıçısı idi. İki gün sonra yazdığı ilk məktubunda İ. Bunin ona göstərdiyi diqqətə görə Baninə təşəkkür edir və “Qafqaz günləri”ndəki bir yanlışlığı aradan qaldırır. Onların yazışması İ. Buninin 1953-cü ildə vəfatınadək fasilələrlə davam edir və əsl fırtınanı xatırladırdı - mübahisələr, soyuqluq və müştəbehlik ittihamları, ayrılıqlar və küsüb-barışmalar bir-birini əvəz edirdi. İllər sonra Banin bütün bunları “İvan Buninin son höcəti” adlı sənədli povestində qələmə almışdı.

Elə həmin yay Sovet hökuməti Konstantin Simonovu Parisə göndərir və onun həyat yoldaşı - məşhur kino aktrisası Valentina Serova da onunla gedir; məqsəd bir sıra rus mühacirlərini vətənə qayıtmağa razı salmaq idi. Sovet vətəndaşlığının bərpasına dair fərman yenicə verilmişdi və siyahının başında Buninin adı dayanırdı. Avqustda Simonovlar Buninlərin evinə şam yeməyinə gəlirlər. Moskvasayağı açılmış süfrəyə müharibədən çıxmış Parisdə illərdir görünməyən nemətlər düzülmüşdü: araq, siyənək, kürü, qızılbalıq, kərə yağı, qara və ağ çörək. Teffi ilə yanaşı, Banin də orada idi; onu babasının neft quyularından qırx il və bir inqilab ayırırdı. Bunin kürüdən dadsa da, Fransada qalır.

Banin
Ümmülbanu Əsədullayeva (Banin)

Bu arada Sovet kinosu İçərişəhəri nəhəng kino pavilyonuna çevirmişdi - SSRİ tarixinin ən populyar komediyası sayılan “Brilyant əl” filmində İçərişəhər İstanbulu canlandırırdı. Filmdə baş qəhrəman qarpız qabığını bastalayaraq sürüşüb yıxılır və onun bu zaman dediyi, sonradan isə bütün ölkədə dillər əzbərinə çevrilən ifadəsi məhz Kiçik Qala küçəsində lentə alınmış səhnədə səslənir; həmin yer indi kinosevərlərin kiçik ziyarət məkanına çevrilib. “Tehran-43” filmində İçərişəhər Tehranı canlandırmış, “Amfibiya adam” filmində isə çəkiliş qrupu onun kiçik meydanlarından birində İxtiandrın baş vuracağı fəvvarəni inşa etmişdi. Bakı kinoya təkcə simasını deyil, qələmini də vermişdi, belə ki, sonralar “Oskar” mükafatına layiq görülmüş “Günəşdən usanmışlar” filminin ssenarisinin həmmüəllifi Rüstəm İbrahimbəyov “Səhranın bəyaz günəşi” filminin də ssenari müəlliflərindən biri idi. Artıq yarım əsrdən artıqdır ki, rus kosmonavtları hər uçuş ərəfəsində məhz bu filmə birlikdə baxırlar. 1999-cu ildə isə neft Ceyms Bondu Bakıya gətirdi: “Dünya kifayət deyil” filminin bəzi səhnələri Bibiheybət neft mədənində və Xəzərin ortasında polad estakadalar üzərində salınmış sovet dövrünün şəhərciyi - Neft Daşlarında lentə alınıb. XX əsr boyu ekranda dünyanın neçə-neçə şəhərinin simasına bürünmüş Bakı dünyaya ev sahibliyi etməyin yollarını çoxdan öyrənib.

Bakının başqa bir böyük əfsanəsi də məhz Avropa ilə Asiyanın qovuşduğu bu şəhərdə yaranmış sevgi hekayəsidir. 1937-ci ildə Vyanada nəşr olunan Qurban Səid təxəllüslü müəllifin “Əli və Nino” əsəri də müsəlman oğlanla xristian qızın sevgisindən, eləcə də tam olaraq nə Avropaya, nə də Asiyaya mənsub olan və məhz buna görə öz identikliyini özü yaratmağa məcbur qalan bir şəhərdən bəhs edir. Əsərin müəllifi - Lev Nussimbaumun həyatı həmin hekayəni sanki ikinci dəfə nəql edir. O, 1905-ci ildə, neft bumunun ən qızğın çağında dünyaya gəlmişdi və onun doğulduğu yer hələ də mübahisə doğurur. Onun atası neft maqnatı, anası isə inqilabçı idi və deyilənə görə, onlar Bakıda gizli fəaliyyət göstərən bolşevikləri, o cümlədən Stalini maliyyələşdirməyə yardım edirdilər. 1920-ci ildə o, atası ilə birlikdə Qafqaz və Konstantinopoldan keçərək qaçır və 1921-ci ildə artıq Berlində, rus mühacirlərinin övladları üçün açılmış gimnaziyada Boris Pasternak və Vladimir Nabokovun bacıları ilə eyni sinifdə təhsil almağa başlayır.

Rüstəm İbrahimbəyov
Lev Nussimbaum
Rüstəm İbrahimbəyov | Lev Nussimbaum

1922-ci ilin avqustunda o, Osmanlı dövlətinin Berlindəki səfirliyində İslamı qəbul edərək özünə Əsəd bəy adını götürür: çalma, Osmanlı titulu, uydurma zadəgan keçmişi... Sonradan o, özünə yaratdığı bu kimliyi hamıya qəbul etdirməyi bacarır. Cəmi 10 ilə yaxın bir müddətdə onun qələmindən 16-ya yaxın kitab çıxır. Bunların sırasında Bakı haqqında memuar, Stalin və II Nikolay haqqında bioqrafik əsərlər, eləcə də Məhəmməd peyğəmbərin həyatından bəhs edən və bu günədək dəfələrlə yenidən nəşr olunmuş kitab vardı. Tom Rays “Şərqşünas” kitabında bu hadisəni “yəhudi orientalizmi” adlandırır. Avropa onların üzünə qapandıqca, Veymar dövrünün bütöv bir yəhudi nəsli sığınacaq və kimlik axtarışında İslam Şərqinə üz tuturdu. Lakin bu seçim onu xilas etmədi. Yəhudi mənşəyi üzə çıxandan sonra Reyxdə (Almaniyada) onun əsərlərini nəşr etdirmək qadağan olunur. Daha sonra o, Vyanaya köçür və 1938-ci ildə Alp dağlarını aşaraq İtaliyaya keçdikdən sonra 1942-ci ildə 36 yaşında Pozitanoda vəfat edir. Avropada sağ qalmaq naminə özünü müsəlman şahzadə kimi qələmə verən bu gənc bakılı yəhudi sonradan Azərbaycanda milli roman kimi qəbul ediləcək əsərin müəllifi olub.

Niyə məhz bu festival və nə üçün məhz indi?

Daha geniş mənzərə göz qabağındadır - tarixin formalaşdırdığı bu coğrafi region yenidən güc qazanır: Mərkəzi Asiya, Qafqaz və Avropa arasındakı ticarət və nəqliyyat axınları yenidən Xəzər üzərindən keçir, Bakı isə canlanmaqda olan Orta Dəhlizin əsas qovşaqlarından birinə çevrilir. Mədəniyyət də həmin xəritənin cızdığı yolu izləyir. İstanbul və Tbilisidən Daşkənd, Səmərqənd və Körfəz ölkələrinə kimi festivallar, muzeylər və iki ildən bir keçirilən böyük incəsənət tədbirləri qədim İpək yolu boyu yeni mədəniyyət şəbəkəsi yaradır. Yeri gəlmişkən, bu mövzu noyabrda Bakıda açıq mühazirə ilə çıxış edəcək tarixçinin əsas tezisidir.

Bakı

Bakı bu şəbəkədə mərkəzi rol oynamaqla yanaşı, həm də kəsişmə nöqtəsidir: İstanbuldan Səmərqəndədək uzanan şərq-qərb xətti burada Tehran üzərindən keçməklə Moskvadan Körfəz ölkələrinə kimi şimal-cənub xətti ilə kəsişir. Üstəlik, Bakının təklif etdiyi yalnız maliyyə imkanları və yeni bir zal deyil: bu şəhər hamının bir araya gələ biləcəyi ortaq zəmin yaradır. İkinci dəfə keçirilən festivalın iştirakçı siyahısına nəzər salın: Yaffa və Sankt-Peterburqdan, Tbilisi və Londondan, Monte-Karlo və Yohannesburqdan gələn kollektivlərin bir-birindən cəmi bir neçə gün ara ilə eyni səhnələrdə, eyni tamaşaçılar qarşısında çıxış etdiyini görəcəksiniz. Dünyada çox az sayda şəhər məhz bu sənətçiləri belə təbii şəkildə bir araya gətirə bilər. Dünyanın böyük bir hissəsinin ayrı-ayrı düşərgələrə bölündüyü bir dövrdə bu, kommünike ilə deyil, repertuarın özü ilə verilən mühüm bir bəyanatdır.

Çoxjanrlılıq — düşünülmüş seçim

Əvvəlcə tədbirin quruluşuna nəzər salaq - BIAF çoxjanrlı festivaldır və burada kino, vizual sənət, müzakirələr və şəhər gəzintiləri fonunda klassik musiqi, rəqs və dram sənəti vahid proqram çərçivəsində bir araya gəlir. Zalsburq (Avstriya), Eks-an-Provans (Fransa) və “Ruhrtriennale” (Almaniya) kimi irimiqyaslı Avropa festivalları da məhz bu model əsasında qurulur. BIAF-ın yalnız bir sahə üzrə ixtisaslaşmaq əvəzinə çoxjanrlı yanaşma seçimi düşünülmüş qərardır. Bu seçimin başqa heç bir yanaşmanın təmin edə bilməyəcəyi iki üstünlüyü var: birincisi, tamaşaçı bir sənət növünə görə gəlir, festivaldan isə üç fərqli sənət növü ilə tanış olub ayrılır, ikincisi isə təxminən iki həftəlik proqram zamanı simfoniya, marionet (kukla) tamaşası və Forsayt baleti sanki öz aralarında dialoqa girərək bir-birini şərh edirmiş kimi ard-arda təqdim olunur.

Əkrəm Xan Truppası | “Zikra: Xatirələr gecəsi”

Bu yanaşma çərçivəsində əsərlərin seçimini istiqamətləndirən ikinci prinsip də var: ayrı-ayrı əsərlərin özü də yalnız bir janr çərçivəsində təqdim olunmur. Belə ki, Kentricin əsəri bir filmdir və Şostakoviçin 10-cu simfoniyasının canlı orkestr ifası ilə müşayiət olunur. “Zikra” xoreoqraf Əkrəm Xan ilə müasir konseptual rəssam Manal əl-Dovayanın birgə əsəridir. Tamaşa Səudiyyə Ərəbistanının Əl-Ula bölgəsində yaradılan “Wadi AlFann” layihəsinin sifarişi ilə hazırlanıb. Romeo Kastelluççi və Skot Gibbonsun instalyasiyasında isə səs ifaçıların uzun saçlarının metal borulara toxunması ilə yaranır. Bu əsər muzey məkanında təqdim olunur.

Proqramını yalnız janrlar üzrə quran festivallarda müxtəlif sənət sahələrinin qovşağında yaranan ən maraqlı əsərləri gözdən qaçırmaq riski var. Bu fikir məhz Bakıda xüsusilə inandırıcı görünür. Bu şəhərdə sintez kənardan gətirilmiş kurator dəbi deyil, Bakının yaradıcı təbiətinin özüdür: Avropa operası ilə qovuşan muğam, Moskva auditoriyalarında formalaşıb vətənə gətirilən milli bəstəkarlıq məktəbi, habelə Vaqif Mustafazadənin 1960-cı illərdə fortepiano arxasında muğamın improvizasiya məntiqini cazın harmonik dili ilə birləşdirərək yaratdığı caz-muğam. Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadə isə caz-muğamı dünya səhnələrinə çıxarmışdır.

Festivalın məqsədi müxtəlif incəsənət formalarını Bakıda bir araya gətirməkdən daha çox tədbir proqramını şəhərin yaradıcı ənənəsinin gücü üzərində qurmaqdır.

Şostakoviç — 120

Festivalın musiqi proqramının əsasında bir yubiley dayanır. Dmitri Şostakoviç 1906-cı ilin sentyabrında anadan olub və 2026-cı ildə onun 120 illiyi tamam olur. Lakin festival sadəcə yubiley borcunu yerinə yetirmək xatirinə Şostakoviçə müraciət etmir – onu rəsmi gözləntilərə cavab verən və eyni zamanda, şəxsi fikirlərini ifadə edə bilən musiqinin bəstəkarı və XX əsrin ən mühüm sənətkarlarından biri kimi təqdim edir. Lakin Azərbaycanın hüdudlarından kənarda onun Bakı ilə nə qədər sıx bağlı olduğu o qədər də geniş bilinmir.

Dmitri Şostakoviç, Vsevolod Meyerhold, Vladimir Mayakovski və Aleksandr Rodçenko “Taxtabiti” tamaşası üzərində işləyərkən, 1929.

Şostakoviç Bakıya ilk dəfə 1934-cü ilin yayında, 27 yaşında gəlmişdi. O, artıq “Mtsensk qəzasının ledi Makbeti” operası ilə böyük səs-küy yaratmış, lakin bu əsərə görə hələ təqibə məruz qalmamışdı. Bəstəkar şəhərdə bir həftədən çox qalır və Aleksandr Qaukun dirijorluğu ilə Moskva Filarmoniyası orkestrinin yay mövsümü çərçivəsində keçirilən konsertlərdə çıxış edir. Proqramda onun Birinci simfoniyası, “Bolt” baletindən süita və müəllifin öz ifasında “1 nömrəli Fortepiano Konserti” (Do minor, Op. 35) səslənir. O vaxtadək Bakıya artıq bir neçə dəfə gəlmiş A. Qauk qeyd edirdi ki, Bakı Sovet İttifaqında Moskva və Leninqradın qışda gördüyü işi yayda davam etdirən yeganə şəhərdir. Məhz həmin konsertlər Şostakoviçin Azərbaycan musiqiçiləri ilə ömrünün sonunadək davam edən əlaqəsinin başlanğıcı oldu.

Filarmoniyadakı açılış konserti 92 il əvvəlki musiqi axşamının əks-sədasıdır. Moskva Konservatoriyasında yarım əsr fortepianodan dərs demiş Vera Qornostayevanın nəvəsi Lukas Genyuşas (Lukas Geniušas) və Tine Tin Helset (Tine Thing Helseth) Şostakoviçin 1933-cü ildə yazdığı fortepiano, truba və simli orkestr üçün 1 nömrəli konsertini ifa edirlər. Əsərdə sirk nömrələrinin çevikliyi, səssiz filmlərdəki təqib səhnələrinin sürəti və qəfil üzə çıxan səmimi lirizm bir araya gəlir. Bu, bəstəkarın yazdıqdan qısa müddət sonra, yəni 1934-cü ildə Bakıda ifa etdiyi həmin konsertdir. Əsərdə əvvəlcə bir-birinə qarşı duran iki səs sonda ortaq dil tapır. Bu isə müxtəlif sənət və mədəniyyətlərin kəsişməsi üzərində qurulan festival üçün rəmzi başlanğıcdır.

Dirijor seçimi də təsadüfi deyil. Dmitri Sitkovetski 1954-cü ildə Bakıda, skripkaçı Yulian Sitkovetski ilə pianoçu Bella Davidoviçin ailəsində anadan olub. O, 22 yaşında Sovet İttifaqını tərk etdikdən sonra skripkaçı, dirijor və transkripsiya müəllifi kimi beynəlxalq karyera qurub. 1999-cu ildə isə doğma Bakıda keçirilən “Musiqinin İpək Yolu” festivalına bədii rəhbərlik edib. O, festivalın bu buraxılışını açmaq və Vilyam Kentricin filminin müşayiəti ilə Şostakoviçin Onuncu simfoniyasına dirijorluq etmək üçün doğma şəhərinə qayıdır. Festival orkestrinin heyətini də Sitkovetski formalaşdırır, belə ki, Bakının kamera və simfonik orkestr musiqiçiləri bu layihə üçün xaricdən dəvət olunmuş ifaçılarla bir araya gəlirlər. Beləliklə, yalnız səhnədə deyil, orkestrin öz heyətində də qonaq sənətçilər var.

Dmitri Sitkovetski
Dmitri Sitkovetski
Bella Davidoviç
Bella Davidoviç

Şostakoviçin Bakı ilə əlaqəsi zamanla bütöv bir bəstəkarlıq məktəbinə çevrilib, belə ki, XX əsr Azərbaycan musiqisinin simasını müəyyənləşdirən iki böyük bəstəkar - Qara Qarayev və Cövdət Hacıyev 1940-cı illərdə Moskva Konservatoriyasında onun bəstəkarlıq sinfində təhsil alıblar. Müəllim-tələbə münasibətləri sonradan Şostakoviçin ömrünün sonunadək davam edən dostluğa çevrilmişdi.

1908-ci ildə Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operası ilə milli opera sənətinin təməlini artıq qoymuş, Şostakoviç isə milli bəstəkarlıq məktəbinə müasirləşmək üçün lazım olan texniki ustalığı və yaradıcı sərbəstliyi aşılamaqla növbəti mərhələyə yol açmışdı. Qara Qarayevin dahi şair Nizaminin eyniadlı poemasının motivləri əsasında yazdığı “Yeddi gözəl” baleti (1952) Azərbaycan baletində Üzeyir Hacıbəylinin milli operada yaratdığına bənzər bir dönüş nöqtəsi oldu.

Şostakoviç sonralar dəfələrlə Bakıda olur: 1949-cu ildə Azərbaycan musiqisinə baxış tədbirlərində, eləcə də 1952-ci ildə Qara Qarayevin “Yeddi gözəl” baletinin premyerasında iştirak edərək Filarmoniyada öz əsərlərini ifa edir, 1956-cı ildə isə Azərbaycan Bəstəkarlarının Birinci Qurultayının iştirakçısı olur. 1972-ci il aprelin 19-da bəstəkarların yetişdirilməsində göstərdiyi böyük xidmətlərə və Azərbaycan musiqi sənətinin inkişafında fəal iştirakına görə ona Azərbaycan SSR-nin Xalq artisti fəxri adı verilir. Şostakoviç Q. Qarayevi öz oğlu, onun Bakıda yetişdirdiyi yetmişə yaxın bəstəkarı, o cümlədən Arif Məlikov, Firəngiz Əlizadə, Fərəc Qarayev və Polad Bülbüloğlunu öz nəvələri adlandırırdı. Adları çəkilən sənətçilərdən sonuncusu isə bu varislik zəncirini özünəməxsus şəkildə tamamlayır: Polad Bülbüloğlu Azərbaycan professional vokal məktəbinin əsasını qoymuş, ömrü boyu muğam və aşıq musiqisinin qorunub yaşadılması üçün çalışmış tenor Bülbülün oğludur. Bu gün Azərbaycanda fəaliyyət göstərən bir çox bəstəkarlar məhz həmin sinifdən başlayan müəllim-tələbə ənənəsinin davamçısıdır.

Bu varislik qalereya divarlarına da əks olunub. Stalin dövrünün gerçəkliyini bəzəyib ideallaşdıran incəsənətdən uzaq “sərt üslub”un liderlərindən biri olan bakılı rəssam Tahir Salahov 1960-cı ildə çəkdiyi Qara Qarayev portreti ilə şöhrət qazanır. Şostakoviç tələbəsi Qara Qarayevin portretini çəkmiş Salahov haqqında artıq eşitmişdi və onun da rəsmini çəkməsi üçün razılıq verir. Bu, istisna hal idi, belə ki, 1970-ci illərdə bəstəkarın səhhəti artıq ağırlaşmışdı və o, belə təklifləri çox nadir hallarda qəbul edirdi.

T. Salahov bəstəkarın portret üçün vaxt və güc tapmasını təxminən altı ay gözlədi, tablo üzərində isə 1974-cü ildən 1976-cı ilədək çalışdı. Hazır olduqdan sonra portret hakimiyyət nümayəndələrinin görmək istədiyi Şostakoviç obrazına uyğun gəlmirdi və deyilənə görə, Mərkəzi Komitə rəsmilərindən biri “Şostakoviçi belə görmək istəməzdim”, demişdi. Əsər bu gün Tretyakov Qalereyasının kolleksiyasındadır və Şostakoviçin ən çox yayılan portretlərindən birinə çevrilib. Salahovun qızı Aydan da bu payız Bakıda əsərləri nümayiş olunacaq rəssamlar sırasındadır.

Qara Qarayev
Qara Qarayev. RƏSSAM: TAHİR SALAHOV

Həmin sinfin yetirmələrindən birinin adı isə musiqinin özünə həkk olunub: Nizami Kino Mərkəzində Dmitri Sitkovetskinin dirijorluğu ilə canlı səsləndirilən Onuncu simfoniyanın müşayiəti altında Vilyam Kentricin “Kaş başqa bir dünyaya inana biləydik” (“Oh To Believe in Another World”) filmi sovet dövrünün ən çox mübahisə doğuran simfoniyalarından birinə Cənubi Afrika rəssamının karton və kölgələrlə verdiyi cavabdır. Tullantılardan yığılmış maket-dekorasiyalar, cırıq kağız və kadrlardan ibarət animasiya texnikası ilə ərsəyə gələn bu filmdə öz tərəfdaş və qurucularını məhv etmiş inqilabın müasirləri - Şostakoviç, Mayakovski, Lilya Brik və Stalin obrazları canlandırılır.

Onuncu simfoniyada bəstəkarın “DSCH” (D. Schostakowitsch) monoqramı - onun musiqi imzası səslənir. Simfoniyanın üçüncü hissəsində isə “Elmira” adını musiqi koduna çevirən valtorna nəfəsli musiqi alətinin səsi eşidilir. Söhbət Moskvada Şostakoviçin tələbəsi olmuş, sonradan Bakıya qayıtmış və 1953-cü ilin yayında Şostakoviçdən ard-arda saysız məktublar almış azərbaycanlı pianoçu və bəstəkar Elmira Nəzirovadan gedir.

Proqramda film ilə yanaşı, E. Nəzirovanın görkəmli bəstəkar Fikrət Əmirov ilə birlikdə yazdığı “Fortepiano və orkestr üçün ərəb motivləri əsasında konsert” də təqdim olunur. Konsertin dirijoru Fuad İbrahimov, solisti isə hər iki bəstəkarı şəxsən tanımış Fərhad Bədəlbəylidir.

Bu yubiley Bakı üçün yad deyil, belə ki, Onuncu simfoniyanın içində Bakının öz ünvanı var, fortepiano arxasındakı sənətkar isə bizi həmin tarixə bağlayan canlı şahiddir.

Məkan özü də bu hekayəyə tarixi dəyər əlavə edir, belə ki, indiki Nizami Kino Mərkəzinin layihəsi 1934-cü ildə hazırlanmış, bina isə Bakının ən iri kinoteatrlarından biri kimi 1940-cı ildə istifadəyə verilmişdi. Şostakoviçin Bakıda ilk konsertlərini verdiyi həmin ildə layihələndirilən Stalin dövrünün bu təmtəraqlı kinoteatrının tikintisi Kentricin filmində təsvir olunan “Böyük terror” illərinə təsadüf edir. Öz tərəfdaş və qurucularını məhv edən inqilab haqqında film həmin repressiya maşınının ucaltdığı memarlıq abidəsinin daxilində nümayiş olunacaq. Onuncu simfoniya isə Stalinin vəfat etdiyi 1953-cü ildə bəstələnib.

Nizami Kino Mərkəzi
Nizami Kino Mərkəzi

Dram: bir məktəb, üç şəhər

Teatr proqramı ilk baxışda bir-biri ilə əlaqəsi olmayan üç qastrol tamaşasından ibarət görünür. Əslində isə bu proqram yolları çoxdan ayrılmış bir ailənin portretinə daha çox bənzəyir. Hər üç truppanın kökü eyni ənənəyə - aktyor ansamblına və psixoloji dərinliyə əsaslanan rus-sovet teatr məktəbinə gedib çıxır. Onların hər biri həmin ənənənin sonrakı fərqli istiqamətlərindən birini təmsil edir.

Lev Dodinin “Qağayı” tamaşası Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Sankt-Peterburqun “Malıy” Dram Teatrı-Avropa Teatrı tərəfindən təqdim olunacaq.

L. Dodin əlli il ərzində bu truppanı günümüzün azsaylı həqiqi aktyor ansambllarından birinə çevirmişdir. Bu quruluşda Çexovun pyesi keçmiş dövrü canlandıran səhnə əsəri yox, canlı laboratoriyadır: burada sənət yaratmaq istəyənlər ilə yanaşı, sevilmək istəyənlər də var və məlum olur ki, bunlar eyni istək deyil. Bütün pyeslərin arasında məhz “Qağayı” sonrakı nəslin özündən əvvəlki nəsil qarşısında borcunu araşdırır: Konstantin yeni formalar tələb edir, Arkadina isə köhnələri müdafiə edir; hər ikisi yanılır, amma heç biri gülünc deyil. İkinci dəfə keçirilən festival üçün bundan daha uyğun əsər seçmək çətin olardı.

“Qağayı”

Dmitri Krımovun “Gesher” teatrı ilə birlikdə hazırladığı “Qanlı Mariya” tamaşası ötən il “Anna Karenina” ilə Bakıda böyük anşlaq yaratmış truppanı yenidən festivala gətirir. “Gesher” teatrı 1991-ci ildə Moskvadan İsrailə köçmüş teatr xadimləri tərəfindən Yaffada yaradılıb. Rus teatr məktəbinin ruhu demək olar ki, bütövlükdə Aralıq dənizi sahillərinə köçüb və teatr o dövrdən rus və ibrani dillərində fəaliyyət göstərir.

Rejissor Anatoli Efros ilə teatr tənqidçisi Natalya Krımovanın oğlu – Dmitri Krımov təhsilcə səhnə rəssamıdır. O, tamaşalarını əşyalar və obrazlar üzərində qurur, teatr illüziyasının necə yaradıldığını əyani şəkildə nümayiş etdirir. Krımov son illər Rusiyadan kənarda çalışır. Beləliklə, bu proqramda eyni ənənənin Rusiyada qalan və Rusiyadan getmiş nümayəndələri cəmi dörd gün fərqlə bir araya gəlirlər.

“Qanlı Mariya”

Rezo Qabriadze Marionet Teatrının “Alfred və Violetta” tamaşası 3 və 4 noyabr tarixlərində Heydər Əliyev Mərkəzinin çoxfunksiyalı zalında həmin ənənənin üçüncü inkişaf yolunu göstərəcək - itkilərlə dolu eyni əsr tbilisili sənətkarın yaratdığı miniatür dünyada canlanacaq. R. Qabriadze əl boyda marionetlər vasitəsilə müharibə, sürgün, sevgi və hər şeyi itirməyin yükünü canlı aktyorun çətinliklə yarada biləcəyi həssaslıq və gürcü yumoru ilə ifadə edir. O, 2021-ci ildə vəfat etmişdir.

Keçmiş Sovet məkanında çoxları onu üzdən tanımasa da, yazdığı replikaları əzbər bilir. R. Qabriadze bu gün də gündəlik söhbətlərdə sitat gətirilən “Mimino”, “Kin-dza-dza!” və “Qəm yemə!” filmlərinin ssenarilərini yazmış və ya onların həmmüəllifi olmuşdu. Bir fövqəldövlətin dilinə məşhur ifadələr bəxş edən sənətkar ömrünün sonrakı hissəsini masa boyda səhnədə çalışaraq keçirib.

Bu üç tamaşanı yanaşı qoyduqda, teatr illüziyası haqqında əvvəlcədən planlaşdırılmamış bir esse yaranır: Dodin mexanizmi tamamilə gizlədir, Krımov onu qəsdən üzə çıxarır, Qabriadze isə gözlə görünən saplardan asır. Bununla yanaşı, hər üç əsər tamaşaçıda eyni emosional təlatüm doğurur.

“Alfred və Violetta”

Rəqs: Dyagilev irsi və Bakı ənənəsi

Bu rəqs proqramında da buna bənzər gizli bir nizam var. Dörd axşamdan üçü bir əsrdən bir qədər əvvəl bir kişinin rus baletini imperiya teatrlarından çıxarıb xarici qastrol səfərlərinə aparmaq qərarından qaynaqlanır. Dördüncü axşam isə Bakıda onlarla eyni səhnəyə çıxa biləcək bir balet truppasının necə yarandığını nümayiş etdirir.

Monte-Karlo Balet truppasının Heydər Əliyev Sarayında təqdim edəcəyi “Göl” (“LAC”) baleti bu irsin birbaşa davamıdır. Dyagilevin “Rus baletləri” (“Ballets Russes”) truppası Monte-Karlonu əsas yaradıcılıq mərkəzlərindən birinə çevirib. Bu şəhər müasir beynəlxalq qastrol truppası modelinin formalaşmasında da mühüm rol oynayıb - bu gün festivalın istifadə etdiyi model də məhz budur.

Jan-Kristof Mayonun “Qu gölü” baletinin interpretasiyası əsərin nağıl pərdəsini kənara çəkərək psixoloji məğzini üzə çıxarır: arzu, insanın iki fərqli üzü və qaranlıq tərəfinin cazibəsi. 2026-2027-ci illər həm də səhnədə ilk “Qu gölü” baletinin 150 illik yubileyinə təsadüf edir.

Bu irs festivalın son gecəsində də öz əksini tapıb. Gəncliyində bəstəkarlıqla maraqlanan Dyagilev əsərlərini Rimski-Korsakova göstərmiş və ondan çox sərt cavab almışdı. On altı il sonra isə “Rus baletləri” (“Ballets Russes”) Rimski-Korsakovun musiqisi əsasında hazırlanmış “Şəhrizad” (1910) tamaşası ilə ən böyük uğurlarından birinə imza atmışdı. Beləliklə, tamaşanın rəng zənginliyi və coşqusu truppanın Şərq obrazını müəyyənləşdirdi. Noyabrın 8-də festivalın bağlanışında səslənən musiqi Dyagilevin truppasına böyük şöhrət qazandıran əsərlərdən biri - onu bəstəkar kimi qəbul etməyən Rimski-Korsakovun yazdığı “Şəhrizad” simfonik süitasıdır.

“Göl” (“LAC”)

İngiltərə Milli Balet truppasının “Mahir rəqs ifaçıları” (“Masters in Motion”) proqramı bu kollektivin Bakıda debüt çıxışıdır. İkihissəli proqrama eyni sənət ənənəsinə bağlı olan iki əsər daxildir. Vilyam Forsayt (William Forsythe) Balançinin neoklassik balet üslubuna yeni istiqamət verib. Bu üslub Marius Petipa ənənəsindən yaranıb, Dyagilevin truppası ilə inkişaf edib və daha sonra Nyu-Yorkda səhnələşdirilib. “Playlist (EP)” klassik balet texnikasını “haus” və “soul” musiqisi ilə birləşdirir. Kristal Payt (Crystal Pite) sənətçi kimi Vilyam Forsaytın Frankfurt Baletində yetişib. “Bədən və ruh” (“Body and Soul”) adlanan I hissədə o, rəqqasları vahid canlı orqanizm kimi hərəkət etdirərək onların birlikdə yaratdığı, tək bir insanın isə yarada bilmədiyi kollektiv duyğu və ifadəni təhlil edir.

“Playlist (EP)”
“Bədən və ruh” (I hissə)

Əkrəm Xanın Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında göstəriləcək “Zikra: Xatirələr gecəsi” layihəsi başqa istiqamətdən qaynaqlanır və birbaşa festivalın mövzusu ilə səsləşir. Əsərin vizual rejissoru və süjet konsepsiyasının həmmüəllifi 2024-cü il Venesiya Biennalesində Səudiyyə Ərəbistanını təmsil etmiş rəssam Manal əl-Dovayandır (Manal AlDowayan).

Əl-Ula səhrasındakı “Wadi AlFann” (“İncəsənət vadisi”) layihəsinin “land-art” proqramı çərçivəsində sifariş olunan bu tamaşanın dünya premyerası 2025-ci ildə açıq səma altında keçirilib. Əsər Əkrəm Xan truppasının son qastrol tamaşası kimi təqdim olunur. Yalnız rəqqasələrdən ibarət bu ansamblın ifasında təqdim olunan tamaşa Hindistanın klassik “bharatanatyam” rəqsi ilə müasir rəqsi bir araya gətirir.

Vaxtilə Əkrəm Xanı yetişdirən “kathak” sənəti Hindistan və farsdilli saray ənənələri arasındakı tarixi-mədəni mübadilənin izlərini daşıyır. Buna görə də əsər İpək yolları boyu mədəniyyətlərin kəsişməsinə həsr olunmuş festivalda xüsusi rezonans doğurur. “Zikra” (“Thikra”) ərəb dilində “xatirə” və ya “yada salmaq” deməkdir və “zikr” sözü ilə eyni kökdəndir. Bu tamaşa yaddaşı bir insanın sahib olduğu şəxsi mülk kimi deyil, kollektivin birlikdə həyata keçirdiyi əməl kimi təqdim edir.

“Zikra: Xatirələr gecəsi”

Şahar Binyamininin “Yeni Dünya” / “Bolero X” layihəsi festivalın yerli sənətçilər ilə ən geniş əməkdaşlığıdır və hər iki irs xəttini üzvi şəkildə bir araya gətirir. Öz truppasını əsərin mərkəzində təqdim edən Ş. Binyamini sonradan yerli rəqqaslara müraciət edərək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından, eləcə də Bakı Xoreoqrafiya Akademiyasından rəqqaslar seçir, onlarla şəxsən işləyir və onları öz ansamblına daxil edir. Beləliklə, bu, Bakıya qapalı heyətlə gələn hazır qastrol tamaşası deyil, şəhərin özünü də ehtiva edən quruluşdur. Bakıda belə bir balet truppasının mövcudluğu ötən əsrin ortalarında qoyulmuş təmələ - Əfrasiyab Bədəlbəylinin 1940-cı ildə səhnələşdirdiyi və həm Azərbaycanın, həm də müsəlman Şərqinin ilk baleti olan “Qız qalası” əsərinə, daha sonra isə musiqisi Şostakoviçin tələbəsi Qara Qarayev tərəfindən yazılmış və 1952-ci ildə səhnələşdirilmiş “Yeddi gözəl” baletinə söykənir.

Rəqqasların ifa edəcəyi musiqi isə ikinci irs xəttini tamamlayır: Ravel “Bolero” əsərini vaxtilə Dyagilevin truppasında çıxış etmiş İda Rubinşteynin sifarişi ilə yazmışdır. Təxminən 17 dəqiqə təkrarlanan bir ritmik struktur, iki melodiya və uzun bir kreşendo - hər təkrarla daha da güclənən musiqinin quruluşu müəyyən mənada muğamı xatırladır: musiqi lad sistemi daxilində inkişaf edir və intensivlik harmoniyanın dəyişməsindən deyil, getdikcə artan emosional gərginlikdən yaranır.

“Yeni Dünya” / “Bolero X”

Festivalın cəlb etmək istədiyi auditoriya

Devid Qarrettin Heydər Əliyev Mərkəzində təqdim edəcəyi “Minilliyin simfoniyası” (“Millennium Symphony”) proqramda təsadüfi seçim deyil, belə ki, bu konsert proqramın kimlər üçün nəzərdə tutulduğunu göstərir. Festival yalnız Dodin, Kastelluççi və Forsayt kimi sənətkarları təqdim etsəydi, əsasən onları görmək istədiyini əvvəlcədən bilən auditoriyaya, yəni rəyləri izləyən və biletləri erkən alan bir neçə min nəfərə xitab edərdi. D. Qarrett isə festivala bilərəkdən daha geniş auditoriyanı cəlb edir. O, Nyu-Yorkun nüfuzlu Juliard (Juilliard) İncəsənət Məktəbində ciddi klassik təhsil almış və karyerası boyu konsert zalı ilə böyük arena arasında seçim etməsə də, hər iki məkanda geniş auditoriya toplamış bir skripkaçıdır.

Onun Bakıdakı debütü fərqli şəraitdə festivala bilet almayacaq insanları da cəlb edəcək. Həmin tamaşaçılar eyni festival proqramında Kentric (Kentridge) və Krımovun yaradıcılığı ilə də tanış olmaq imkanı qazanacaqlar. Muğam Klubunda Aisel-in (Aysel Məmmədova) elektron musiqini muğamla sintez edən çıxışı və girişin pulsuz, ab-havanın isə teatr zalından daha sərbəst olduğu açıq havada kinoteatr eyni məqsədə xidmət edir. Əsas proqramın bədii səviyyəsinə xələl gətirmədən, giriş bilərəkdən daha geniş auditoriyanın üzünə açılır. Auditoriya daimi izləyici çevrəsini aşan zaman festival əsl mədəni təsisata çevrilir.

Devid Qarrett

Əlavə proqram

Əsas proqramı tamamlayan əlavə tədbirlər festivalın şəhər həyatının bir hissəsinə çevrilib çevrilməyəcəyini müəyyən edir.

Romeo Kastelluççi və Skot Gibbonsun “Yolumu Karfagenə saldım” (“To Carthage Then I Came”) əsəri Daş Salnamə Muzeyində - Bakıda ilk elektrik stansiyasının bərpa olunmuş binasında nümayiş etdiriləcək. Bu əsərə məhz belə bir məkan lazımdır. Tamaşada səsin yaranması üçün uzun saçlar metal borulara vurulur. Əsərin göstərildiyi hər bir şəhərdə uzunsaçlı yerli ifaçılar tamaşaya cəlb olunurlar və buna görə Bakı versiyası Brüssel və ya Berlin versiyalarını təkrarlamayacaq. Əsərin adı (“Yolumu Karfagenə saldım”) Müqəddəs Avqustinin “Etiraflar” əsərindən götürülüb və T. S. Eliotun “The Waste Land” (“Bəhrəsiz torpaq”) poemasında da istifadə olunur: “günah dolu ehtirasların qaynadığı bir qazan, şəhəri nəhəng bir ocaq kimi göstərən obraz”.

“Yolumu Karfagenə saldım”
“Yolumu Karfagenə saldım”
“Yolumu Karfagenə saldım”

“Şaron Eyal: Yaradıcılıq prosesi” (“Sharon Eyal: Work in Progress”) festival proqramının olduqca səmimi seçimlərindən biridir. Ötən il Ş. Eyal Bakıya “Kədəri gecikdir” (“Delay the Sadness”) əsəri ilə gəlsə də, bu dəfə tamamlanmış əsər yoxdur. Əvəzində isə proqramda onun haqqında qısametrajlı film, 2027-ci və ya 2028-ci ildə hazır olması gözlənilən yeni əsərdən hər biri təxminən on dəqiqə davam edən iki süjet və dialoq yer alır. Məlum olduğu kimi, tamaşaçıya tamamlanmamış əsər çox nadir hallarda göstərilir və bu, tamaşaçıya göstərilən yüksək etimadın ifadəsidir.

Şaron Eyal
“Yaradıcılıq prosesi”
“Yaradıcılıq prosesi”

Piter Frankopanın açıq mühazirəsi bütün festivala geniş tarixi perspektiv qazandırır. Son illərdə nəşr olunmuş kitablar arasında dünya tarixinin əsasən Qərbi Avropadan keçdiyi təsəvvürünü ən güclü şəkildə sarsıdan və məhz bu dəhlizin dünya tarixindəki mərkəzi rolunu yenidən üzə çıxaran əsər P. Frankopanın “İpək yolları” (“The Silk Roads”) kitabıdır. O, həmin dəhlizin paytaxtlarından birində, bu tarixi yolun üzərində yaşayan insanlar qarşısında çıxış edəcək.

Piter Frankopan
Piter Frankopan
İpək yolu

Bakı İncəsənət Həftəsonu ilə əməkdaşlığın festival təqviminə daxil edilməsi heç də təsadüfi deyil. Tədbirin tam adı “Bakıya uçuş. İncəsənət həftəsonu”dur. Adın ilk hissəsi 2010-cu illərdə Azərbaycan müasir incəsənətini London, Paris, Berlin, Roma və Moskvada nümayiş etdirən “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” səyyar sərgisindən götürülüb. Həmin sərgi ölkə rəssamlarını geniş Avropa auditoriyasına tanıtmışdır.

Bakı İncəsənət Həftəsonu

Bu addan yaranan festival 2026-cı ildə 30 oktyabr–1 noyabr tarixlərində keçiriləcək üçgünlük tədbirdir. Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan festival Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Proqram Heydər Əliyev Mərkəzi, Daş Salnamə Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Şirvanşahlar Sarayı, İçərişəhər, Dənizkənarı Milli Park və özəl qalereyalar da daxil olmaqla şəhərin müxtəlif məkanlarını əhatə edir. Proqrama sərgilər, instalyasiyalar, canlı sənət ifaları, müzakirələr, ustad dərsləri və studiya ziyarətlərindən ibarət 40-dan çox tədbir daxildir. Proqramda tanınmış beynəlxalq sənətçilər ilə yanaşı, Aydan Salahova, Faiq Əhməd, Fərid Rəsulov və Vüsalə Ağaraziyeva kimi Azərbaycan rəssamları da təqdim olunur.

Vüsalə Ağaraziyevanın yaradıcılığı Azərbaycanın müasir incəsənət mühitinin gələcək istiqamətini göstərdiyi üçün xüsusi diqqətə layiqdir. O, İçərişəhər və Bakının mərkəzində üçölçülü (3D) divar əsərləri yaradan monumental rəssamdır. Paytaxtdan təxminən üç saatlıq məsafədə yerləşən və XIX əsrdə rus molokanları tərəfindən salınmış İvanovka kəndinə köçdükdən sonra V. Ağaraziyeva 2023-cü ildə burada rəssamları bir araya gətirən “DaMİR – Təxəyyül evi” mədəni məkanının həmtəsisçisi olub. 2024-cü ildə isə “Çəhrayı planet” layihəsi ilə 60-cı Venesiya Biennalesində Azərbaycanı təmsil edən üç rəssamdan biri olub. İki festivalın tarixlərinin üst-üstə düşməsi təsadüfi deyil, belə ki, onların proqramları eyni məkanlarda da kəsişir. Kastelluççinin tamaşası Daş Salnamə Muzeyində göstərilir, Heydər Əliyev Mərkəzi isə sərgilərin nümayiş olunduğu günlərdə Qabriadzenin tamaşasına və Qarrettin konsertinə ev sahibliyi edir.

Məkanların bu cür kəsişməsi ideyaların necə üst-üstə düşdüyünü də aydın şəkildə nümayiş etdirir. Əsas proqramın ən güclü əsərlərindən ikisi vizual sənətdən səhnə sənətinə keçən rəssamlar tərəfindən yaradılıb. “Kaş başqa bir dünyaya inana biləydik” Kentric haqqında film yox, əsl Kentric əsəridir və burada kömürlə çəkilmiş rəsmlər, cırılmış kağızlar, karton maketlər, simfonik orkestrin canlı ifası fonunda rəsm və çap qrafikası ustasının emalatxana üsulları təqdim olunur. “Zikra: Xatirələr gecəsi” Venesiya Biennalesində iştirak etmiş rəssam Manal əl-Dovayanın vizual rəhbərliyi ilə səhrada “land-art” layihəsinin sifarişi əsasında yaradılıb. Kastelluççi rəssamlıq üzrə təhsil alıb və öz əsərini muzeydə səhnələşdirir. Son onilliyin ən maraqlı əsərlərinin böyük hissəsi vizual incəsənət ilə səhnə sənətini ehtiva edir. Bu festival onları ayrı-ayrılıqda yox, qovuşduğu ortaq formatda təqdim edir.

“Theatre HD” layihəsi ilə birgə təşkil olunan açıq kinoteatr payız səması altında dünyanın ən yaxşı opera və rəqs tamaşalarının, eləcə də konsertlərin ekran versiyalarını, sənədli filmləri nümayiş etdirir. Bununla da şəhərdə vaxtilə yarımçıq qalmış bir ənənə davam edir...Bakıda filmlərə açıq havada hələ inqilabdan əvvəl baxılırdı və həmin kinoteatrların adları bu gün də xatırlanır: 1915-ci ildə yay kinoteatrı kimi açılan, sonralar “Qırmızı Şərq”in yay zalına çevrilən “Mon-Repo”, şəhərin ən böyük kinoteatrı sayılan, həm qış, həm də yay zalı olan “Edison”, əvvəl “KRAM”, sonra “Spartak”, daha sonra isə “Araz” adlandırılan “Minyon”... Dənizkənarı bulvarda isə “Bahar” kinoteatrı yerləşirdi - Bakıda açıq kinoteatr deyiləndə, insanların hələ də ilk xatırladıqları məkan məhz buradır. 1950-60-cı illərdə bakılılar Jerar Filip, Fernandel, Cülyetta Mazina və Anuk Emenin çəkildiyi filmləri burada, açıq səma altında izləyərdilər. Müharibədən sonrakı onilliklərdə şəhərdə qapalı və açıq kinoteatrlar da daxil olmaqla, təxminən 30 kinoteatr fəaliyyət göstərirdi. Açıq kinoteatrlarda sadə taxta skamyalar qoyulur, məhəllə uşaqları isə ağaclara çıxıb filmlərə pulsuz baxırdılar. “Nizami” kinoteatrı da əvvəlcə 3 zal - qış, yay və estrada zalları ilə açılmışdı. 1974-cü ildə üst mərtəbədə yeni yay zalı açılsa da, həmin zalın fəaliyyəti 1990-cı ildə dayandırıldı. 2026-cı ildə opera və rəqs tamaşalarının açıq havada nümayişi Avropadan mənimsənilmiş bir format deyil. Bu, müasir məzmunla yenidən canlandırılan Bakı ənənəsidir.

Açıq hava kinoteatrı

Bununla yanaşı, proqramda qonaq sənətçilər ilə yaradıcı görüşlər, Binyamininin sadəcə tamaşa göstərməyə deyil, qarşılıqlı təcrübə mübadiləsinə əsaslanan modelini davam etdirən ustad dərsləri və Bakının tarix, incəsənət və memarlığına həsr olunmuş şəhər gəzintiləri də var. Bu gəzintilər iştirakçıları İçərişəhərdən başlayaraq neft bumu dövrünün bulvarlarına, daha sonra isə şəhərin sovet dövrünə və müasir çağlarına aparır. Qala divarları ilə əhatə olunan İçərişəhərdə, bərpa edilmiş orta əsr karvansarasında yerləşən Muğam Klubunda isə müğənni Aisel (Aysel Məmmədova) elektron səslənməni Azərbaycanın etnik musiqi və muğam ənənələri ilə sintez edən proqram təqdim edir. Beləcə, UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş, improvizasiya üzərində qurulan muğam vaxtilə İpək yolu tacirlərinin yolüstü dayandıqları bir məkanda elektron səslənmə qazanır...

Aisel
Aisel
Aisel

Məkanlar özü bir ismarıcdır!

Festival məkanlarının siyahısına ayrıca nəzər salmaq kifayətdir: şəhərin tarixi səkkiz binada canlanır: Vaxtilə İpək yolu tacirləri üçün tikilmiş, indi isə elektron musiqi proqramına ev sahibliyi edən karvansara, neft bumu dövrü Bakısının Monte-Karlo xəyalı və Şostakoviçin 1952-ci ildə öz əsərlərini ifa etdiyi səhnə - 1912-ci ilin Filarmoniya binası, 1930-cu illərdə yaradılmış və açıldığı dövrün iri kinoteatrlarından biri olan “Nizami” kinoteatrı, XX əsrdə müasir görünüşünü qazanmış milli mədəniyyətin əsas ocaqları - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, son sovet dövrünün modernizmi, betona həkk olunmuş özünəinam - Heydər Əliyev Sarayı, vaxtilə neft mədənlərini elektrik enerjisi ilə təmin etmiş, sonradan Daş Salnamə Muzeyinə çevrilmiş ilk elektrik stansiyası və İraq əsilli britaniyalı memar Zaha Hadidin layihəsi əsasında Qafqazda ucaldılan və dünyanın hər yerində dərhal tanınan Heydər Əliyev Mərkəzi.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı | Azərbaycan Dövlət Akademik Musiqili Teatrı | Heydər Əliyev Mərkəzi

Bir festival bileti ilə altı əsrə və dörd imperiyaya səyahət; festivalın proqramı bu binalarda təqdim olunmaqla yanaşı, həm də dialoq qurur: Stalin dövrünün kinoteatrında Kentricin kartondan yaratdığı inqilab...Keçmiş elektrik stansiyasında Kastelluççinin saçla yaratdığı musiqi...Hadidin axıcı memarlıq formaları arasında Qabriadzenin marionetləri... Şostakoviçin tələbələri tərəfindən əsası qoyulan ənənənin yetişdirdiyi Bakı rəqqaslarının iştirakı ilə İsrail ansamblının ifasında Ravelin “Bolero” əsəri.

Festivalın bağlanışı: nağıl davam edir...

Beləliklə, festival başladığı yerdə, yəni Filarmoniyada Rimski-Korsakovun “Şəhrizad” simfonik süitasında Maksim Vengerovun ifa edəcəyi solo skripka partiyası ilə başa çatır. Hər gecə hekayəsini yarımçıq saxlayaraq öz həyatını xilas etməyə çalışan Şəhrizad bu ifanın əsas süjet xəttidir. Xəzər sahilində keçirilən bu festivalın Sankt-Peterburq bəstəkarının xəyalında yaratdığı Şərq motivi ilə başa çatmasında incə bir ironiya var: əsər belə təsəvvürlərə öz gerçəkliyi ilə cavab verməyə alışmış bir şəhərdə səslənir. Min bir gecə: nağıl davam edir...

28 oktyabr – 8 noyabr 2026-cı il. Ardı var...